Yağ da çörək kimi qidamızın əsasını təşkil edir. Yəni elə ev yoxdur ki, kərə yağından az da olsa, istifadə olunmasın. Amma son günlər yağın qiyməti çox bahalaşıb.
Satıcılar bahalaşmanın son həftə ərzində baş verdiyini deyiblər.
Onlar bunun səbəbini məhsulun firmadan baha qiymətə alınması ilə əlaqələndiriblər: "Əvvəllər 6-7 manata satdığımız Yeni Zelandiya yağlarını satırdıq. İndi qiymət artıb. "French Cow" adlı kərə yağının qiyməti 20 manat 99 qəpik, “President” 17 manat 99 qəpik, “Best Cow” isə 17 manat 99 qəpikdir. Hazırda ən ucuz yağlar Belarus yağlarıdır. Ona görə də bu yağlar daha çox satılır. Keyfiyyəti də çox yaxşıdır".
Kərə yağları ilə bərabər duru yağların qiymətləri də artıb. “Consul” zeytun yağının litri 16 manat 95 qəpiyə, “Zeytun bağları” yağının 0,5 litri 8 manat 67 qəpiyə, Türkiyədən gətirilən “Elmas” duru yağının bir litri 4 manat 87 qəpiyə, “Miad” qarğıdalı yağı 6 manat 50 qəpik, “Komili” qarğıdalı yağının bir litri 6 manat 40 qəpiyə, “Sunar” qarğıdalı yağının bir litri isə 5 manat 29 qəpiyə satılır. Yerli istehsal olan günəbaxan və qarğıdalı yağlarının qiymətləri isə 4 manat 18 qəpikdən başlayır.
Kərə yağı idxalı ilə məşğul olan şirkətlər qiymət artımının səbəbini yağ ixrac edən ölkələrin qiymətləri bahalaşdırması ilə izah edirlər.
"Veysəloğlu" şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədovun sözlərinə görə, MDB ölkələrindən Azərbaycana idxal olunan kərə yağı bir sıra rüsumlardan azaddır: "Bazarda qiymətləri araşdırsaq, görərik ki, pərakəndə sektorda kərə yağlarının qiymətlərində Rusiya, Ukrayna və Belarusdan gətirilən yağlar digərləri ilə müqayisədə ucuz satılır. Bunun isə bir neçə səbəbi var. MDB ölkələrindən Azərbaycana idxal olunan kərə yağı bir sıra rüsumlardan, o cümlədən gömrük rüsumundan azaddır. Bu isə qiymətin 15-16 faiz fərqlənməsi deməkdir. Digər əsaslı səbəblərdən biri də ölkəyə idxal olunan malların daşınma xərclərində yaranan fərqlə bağlıdır".
MDB ölkələrindən idxal olunan kərə yağlarının keyfiyyətinə gəlincə, İlham Məmmədov deyir ki, təmsil etdiyi şirkət buna tam zəmanət verir: "Paylanmasını həyata keçirdiyimiz Belarus, Ukrayna və Rusiyadan gətirilən kərə yağlarının qiyməti kimi, keyfiyyətinə də zəmanət veririk. Bundan başqa, idxal olunan kərə yağlarının keyfiyyətinə müvafiq dövlət strukturları zəmanət verir, laborator müayinədən keçirir. Bundan sonra uyğunluq və keyfiyyət sertifikatları verilir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, istehsalçı ölkələrdə kərə yağının qiymətinin bahalaşması yerli bazardan da yan keçməyib. Amma bundan istifadə edən bəzi işbazlar insan orqanizmi üçün təhlükəli hesab edilən bitki yağlarını kərə yağı adı altında satışa çıxarıblar: "Bundan istifadə edən işbazlar ölkəyə kərə yağı adı altında bitki yağları idxal edirlər. Translin yağ turşularının 8 faizdən çox olan bərkidilmiş, hidrogenləşdirilmiş, insan həyatı üçün arzuolunmaz bitki yağları daxil olur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, alıcı aldığı hər bir məhsulun sertifikatını tələb etməlidir. İstehlakçılar kərə yağının keyfiyyətinə tam əmin olmaq üçün bir üsuldan da istifadə edə bilərlər. Yağı sıxsınlar, əgər kərə yağı bərkdirsə, deməli, tərkibi təmizdir. Bunu unutmasınlar, kərə yağı kəsiləndə dağılır".
"Delta Qrup C.O." MMC, "Vest Produkt Marketinq" MMC, "Azərsun Holdinq" MMC, "Dinçer və Carçıoğlu" BM, "Gulistan Baku" MMC, "Veysəloğlu" MMC və "Lactalis Caspi" MMC kimi kərə yağı idxalçıları son günlər kərə yağının qiyməti ilə bağlı məlumatlara münasibət bildiriblər.
İdxalçılar istehlakçılara müraciətində qeyd ediblər ki, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir. 2017-ci ilin sentyabr ayında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85 faizədək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə isə 30 faizdən çox artıb və hazırda bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir. Yağın Gürcüstanın Poti limanından Bakıya gətirilməsi üçün hər tona görə təxminən 70-80 ABŞ dolları nəqliyyat xərcləri ödənilir.
İqtisadçı ekspert Arzu Qafarlı deyir ki, ixracatçı xarici ölkələrdə yağın qiyməti 2016-cı ilə nisbətən 35-40 faiz bahalaşıb: "Bu da, əlbəttə ki, idxal olan ölkələrə birbaşa təsir edir. Yerli məhsulların bahalaşmasında isə bir neçə faktor var. Bunlardan biri istehsalın azalması və tələbatın çoxalmasıdır. İkinci faktor isə kənd təsərrüfatı məhsullarında mexaniki fəlakətlərlə əlaqəlidir. Eyni zamanda, yerli məhsulların Rusiya bazarına rahat çıxışıdır. Tələbat yüksək, məhsul isə az olanda qiymətlərdə bahalaşma əmələ gəlir".
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev də kərə yağının bahalaşmasına münasibət bildirib.
Qurum rəhbəri bildirib ki, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir: "Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5,20 ABŞ dolları təşkil edir. Nəzərə almaq lazımdır ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır".
oxu.az