Cari ilin 9 mart tarixində Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan “Ford” markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.
İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü maddəsinin tələblərinə əsasən Büro tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin Qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.
Sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İcbari Sığorta Bürosunun tarixində qeydə alınmış rekord göstəricidir.
İSB tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir. Kompensasiya ödənişlərinin verilməsinin şərtləri və qaydası ilə ətraflı Büronun veb-saytında (www.isb.az/kompensasiya-odenisi), həmçinin mövzuya dair hazırlanıb və Büronun veb-saytında yerləşdirilmiş maarifləndirici məqalədə tanış olmaq mümkündür.
Qeyd edək ki, martın 9-da səhər saatlarında baş vermiş həmin qəza nəticəsində 6 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb.
trend.az