Oktyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Qardaşlıq mədəniyyəti” adlı konsert proqramı təşkil edilib.
Konsert Azərbaycan Bəstəkarlar İttifaqının və Filarmoniyanın birgə təşkilatçılığı ilə baş tutub.
Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirdə çıxış edərək bu konsert proqramının “Qardaşlıq mədəniyyəti” mövzusuna həsr edilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycanın işğal altındakı torpaqlarının tezliklə azad edilməsini, belə konsertlərin həmin torpaqlarda keçirilməsini arzulayıb.
Konserti Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Mahnı və Rəqs Ansamblı müşayiət edib. Respublikanın tanınmış incəsənət xadimləri tərəfindən bəstəkar və xalq mahnılarının ifa olunduğu konsertdə təbrizli qiraət ustası Zəhra Təhmasibzadə müxtəlif şairlərin şeirlərindən ibarət poeziya nümunələri də səsləndirib.
azertag.az