İçərişəhərdə incəsənət festivalı keçirilir
25.10.2017

Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə Bakıda Dekorativ-Tətbiqi İncəsənət Festivalı keçirilir.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib ki, festivalda bir neçə fotoqraf və rəssamın batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid foto və rəsm əsərləri nümayiş olunur.

“İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında reallaşan festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq, bu milli sənət növlərinin inkişafına kömək etməklə yanaşı, yeni potensiala malik olan yaradıcı insanları kəşf etməkdən ibarətdir. Hər il olduğu kimi, bu il də təşkil olunan festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük əhəmiyyət daşıyır. Bir həftə davam edəcək festivalın kuratoru gənc xalçaçı-rəssam Nəsrin Şirinovadır”,- deyə D. Məmmədov söyləyib.

azertag.az