Xalq Artisti Ağasadıq Gəraybəyli doğma sənət ocağında anılacaq
27.10.2017

Noyabrın 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti Ağasadıq Gəraybəylinin 120 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi və sənət ocağının birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbir çərçivəsində əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılacaq.

Teatrın mətbuat xidmətindən məlumat verilib ki, tədbirdə sənətkarın sənət fəaliyyəti ilə yanaşı, milli kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq, tanınmış sənət adamları onunla bağlı xatirələrini bölüşəcəklər.

Şamaxıda bəy ailəsində dünyaya gələn sənətkar səhnədə və ekranda 100-dən artıq obrazlar qalereyası yaradıb.1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan unudulmaz sənətkar ”Müfəttiş”, “Nişanlı qız”, “Əliqulu evlənir”, “Ölülər”, “Aydın”, “Yurdsuz insanlar”, “Od gəlini”, “Fərhad və Şirin”, “Ovod” və digər səhnə əsərlərində bir-birindən fərqli rollarda çıxış edib. İlk dəfə filmə 1924-cü ildə çəkilən A.Gəraybəyli “Qız qalası”nda həkim obrazını mükəmməl tərzdə oynayıb. 1937-ci ildə “Dəcəl dəstə” uşaq filmində ata, 1947-ci ildə “Fətəli xan” tarixi–bioqrafik filmində İran sərdarı rollarını ifa edən aktyorun “Bəxtiyar” filmindəki Ağabala obrazı onun kino yaradıcılığında xüsusi yer tutur. “O olmasın, bu olsun” kinokomediyasındakı Rüstəm bəy surəti aktyorun teatr və kinoda yaratdığı ən müvəffəqiyyətli işlərindən hesab edilir.

A.Gəraybəyli müxtəlif vaxtlarda “Qızmar günəş altında” filmində Sərdarov, “Leyli və Məcnun”da İbn Xalid, “Yaşamaq gözəldir, qardaşım”da Dayı, “Poçt qutusu”nda Bəy, “Uzlduzlar sönmür”də Jandarm, “Bizim küçənin oğlanları”nda Rüstəm kişi, “Mən nəğmə qoşuram” və “Musiqi müəllimi” filmlərində epizodik rollarda çıxış edib.

İstər teatrda, istərsə də kinoda bu böyük sənətkarın yaratdığı yüzlərlə surət, onun tükənməz zəhmətinin, gərgin əməyinin bəhrəsidir.

azertag.az