Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin (RİH) və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib.
İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirdə RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, YAP Binəqədi rayon təşkilatının fəalları, BRİH-də təcrübə keçən ASAN könüllüləri, Binəqədi rayon, Rəsulzadə bələdiyyəsi, MKTB-nin əməkdaşları, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları, 283 saylı məktəbin müəllim və şagird kollektivi, 138 və 272 saylı bağçaların balaca fidanları iştirak ediblər.
Binəqədi rayonu 283 saylı məktəbin ərazisində gerçəkləşən aksiyada “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirilib.
Aksiya zamanı ümumilikdə, 400 ədəd ağac (50 ədəd – oleandra, 100 ədəd – zeytun, 250 ədəd – kiparis) əkilib.
Ağacəkmə aksiyasından sonra rayonun 138 və 272 saylı bağçaların balaca fidanları və 283 saylı məktəbin şagirdlərinin ifasında “Təbiəti qoruyaq” adlı rəqs nümunələri nümayiş edilib. Aksiyanın sonunda simvolik tort kəsilib və çay süfrəsi ətrafında aksiya xoş anlarla yekunlaşıb. Ümumrayon iməciliyi çərçivəsində rayonun müxtəlif ərazilərində 2500-dən çox ağac əkilib.
trend.az