Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km dəmir yolu əsaslı təmir olunur
31.10.2017

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gündən etibarən Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Təmir işləri 10 gün davam edəcək.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyulmasına başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 378 km dəmir yolu əsaslı təmir olunub.

trend.az