Xalq Artisti Ramiz Quliyevin sənət işığında - “Səslən tarım”
1.11.2017

Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli Ramiz Quliyevin 70 illik yubileyinə həsr edilmiş “Səslən tarım” adlı tədbir keçirilib.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir Mədəniyyət və Turizm Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, məşhur tarzən Azərbaycan musiqi ifaçılığı sənətində önəmli iz qoyan parlaq sənətkarlardan biridir. XX əsrin 60-cı illərində əsası qoyulan müasir tar ifaçılığı məktəbinin yaranması və təşəkkülü onun adı ilə bağlıdır. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın. Tarzən həmişə olduğu kimi, bu gün də yorulmaz ifaçılıq fəaliyyəti ilə bərabər, pedaqoji sahəyə də böyük qüvvə sərf edir. O, bir neçə ildir ki, gənclər də daxil olmaqla böyük ifaçı ordusu yetişdirməklə yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir. Onun Azərbaycan və xarici bəstəkarların tar ilə fortepiano üçün işləyib köçürdüyü çox dəyərli əsərləri çapdan çıxıb. Ramiz Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir.

Tarzənin oğlu, Əməkdar Artist Əyyub Quliyev çıxış edərək ailəsi adından tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, böyük sənətkar dünyanın ən məşhur konsert salonlarında tanınmış orkestrlərlə eyni səhnəni bölüşərək dinləyicilərin qəlbinə yol tapıb. Görkəmli tarzənin sənət fəaliyyəti hər zaman dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ona musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni, bu yaxınlarda isə “Şərəf” ordeni verilib. Bundan əlavə, sənətkar 2014-cü ildə Dövlət mükafatı laureatı adını alıb.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə yubilyarın özü ilə yanaşı, respublikamızın tanınmış ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları səsləndirilib, həmçinin sənətkara həsr olunmuş şeirlər oxunub.

Gecədə ifaçıları Xalq Artisti Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.

Sonda yubilyar çıxış edərək ona göstərilən diqqət və qayğıya, Azərbaycan muğamının və tarının qorunması, inkişafı və dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

azertag.az