Prezident İlham Əliyevin 2014-cü il iyunun 13-də verdiyi Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən Səhiyyə Nazirliyi və UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında 2016-2017-ci illər üçün imzalanmış Fəaliyyət Proqramına uyğun olaraq respublikanın bölgələrində körpə və erkən yaşlı uşaqların qidalanması və uşaq inkişafının monitorinqinə həsr olunmuş pediatrlar üçün təlimlərin keçirilməsinə başlanılıb.
Təlimlərin keçirilməsinə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, Tibb Universiteti və Bakı Uşaq Bərpa Müalicə Mərkəzinin mütəxəssisləri cəlb olunublar.
Quba şəhəri Perinatal Mərkəzində aparılan ilk təlimdə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 30 pediatr və nevroloq iştirak edib. “Körpə və erkən yaşlı uşaqların qidalanması” və ”İnkişafın dəstəklənməsi və izlənməsi üzrə Beynəlxalq Rəhbərliyin istifadəsinə dair” mövzulara həsr edilən təlimdə həkimlərə uşaqların düzgün qidalanması və inkişaf çətinliklərinin erkən aşkarlanmasına dair yeni yanaşmalar həm mühazirə, həm də praktiki məşğələlər vasitəsi ilə təqdim olunub.
İlin axırınadək həmin təlimlərin Şəki və Lənkəran rayonlarında da keçirilməsi nəzərdə tutulub.
azertag.az