Nurəngiz Günün xatirəsinə həsr edilən “Adım azadlıqdır” kitabının təqdimatı keçirilib
3.11.2017

Noyabrın 2-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şairə Nurəngiz Günün xatirəsinə həsr edilən “Adım azadlıqdır” kitabının təqdimatı keçirilib.

Tədbirdə kitabın ideya rəhbəri Sayman Aruz çıxış edərək nəşrdə 44 müəllifin şeirlərinin toplandığını bildirib. Milli Məclisin deputatları Əflatun Amaşov, Qənirə Paşayeva Nurəngiz Günün yaradıcılığından danışıblar. Bildirilib ki, şairənin poeziyası insani duyğularla zəngin olduğu üçün onu qavramaq, duymaq, sevmək çox asandır. Təsadüfi deyil ki, Nurəngiz Günün yaradıcılığı nurlu və günəşli poeziyaya bənzədilir.

Çıxışlarda şairənin “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və başqa kitabların müəllifi kimi ədəbiyyatımızda əbədi qalacağı vurğulanıb. Tədbirdə N.Günün şeirlərindən nümunələr də səsləndirilib.

Şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, “Yol olanadək yol gedən” misrasını yaradıcılıq devizi seçmiş Nurəngiz Gün ömrünün sonunadək öz yolunu və üslubunu qoruyub saxlayıb, elin dar günündə susmayıb. J.Əliyeva yanında yazılmış “Xocalı simfoniyası” və başqa kitabların mahiyyətini indi daha çox anladığını bildirib. Nurəngiz Günün şeirlərinin Türkiyə, Estoniya, Özbəkistan, İran, İraq və digər ölkələrdə çap edildiyini və müxtəlif mükafatlara layiq görüldüyünü xatırladıb.

Sonda J.Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

azertag.az