"Elektron hökumət" televiziya proqramının yayımına başlanılıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Oktyabrın 30-dan etibarən İctimai Televiziyada yayımlanan veriliş hər həftənin bazar ertəsi, saat 22:00-da efirdə olacaq.
Proqramın məqsədi elektron hökumətin vətəndaşlar üçün yaratdığı üstünlüklər, elektron xidmətlər, onlardan istifadə qaydaları və s. barədə insanları maarifləndirməkdir. Proqramın ilk buraxılışının qonağı Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və millət vəkili Tahir Mirkişili olub.
E.Vəlizadə ölkədə həyata keçirilən elektron hökumət quruculuğu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan elektron hökumətin inkişaf etdiyi ölkələr sırasındadır. Ölkədə tam şəkildə formalaşan elektron hökumətin infrastrukturu artan tələbatı ödəməyə imkan verir. Son zamanlar elektron xidmətlərdən və elektron imzadan istifadə edənlərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Nazir müavini qeyd edib ki, dövlət qurumları elektron xidmətlər göstərməyə maraqlıdır və əhalinin daha çox zərurət duyduğu xidmətlər mütəmadi olaraq elektronlaşdırılır.
Proqramda iştirak edən digər qonaqlar da qeyd ediblər ki, elektron hökumət quruculuğu daha da inkişaf edərək vətəndaşların rifahının yüksəldilməsinə xidmət edəcək.
trend.az