Akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxıb
3.11.2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərlər”i çapdan çıxıb.

Alimin “Seçilmiş əsərləri” əsasən “XV-XVI əsrlər Azərbaycan-türk tərcümə əsərləri əlyazmalarının mətnşünaslıq-dilçilik yönündən araşdırılmasına həsr olunub. Akademik Vasim Məmmədəliyevin elmi redaktorluğu ilə nəşr olunan kitabda M.Nağısoylunun bir neçə monoqrafiyası və seçmə məqalələri toplanıb.

Birinci cild orta əsrlərdə Azərbaycanda tərcümə sənəti, əsas növləri və səciyyəvi xüsusiyyətlərindən bəhs edir.

Cildin birinci fəsli alimin “Gülşəni-Raz” əsəri , onun türkcəyə tərcüməsi və tərcümənin tekstoloji tədqiqi ilə bağlı mətnləri əhatə edir. İkinci fəsildə isə “Hədisi-ərbəin” tərcüməsinin filoloji-tekstoloji tədqiqi öz əksini tapıb.

Həmçinin kitaba alimin müxtəlif illərdə dövri mətbuatda dərc olunan elmi-publisistik məqalələri, məruzə və çıxışlarının mətnləri daxil edilib.

İkinci cilddə Azərbaycanın tərcümə abidəsi “Şühadənamə” paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri” yer alıb. Burada “Şühədanamə” əlyazmasının paleoqrafik xüsusiyyətləri, Füzulinin “Hədiqətüs-süəda” əsərinin mövzusu və “Rövzətüş-şühəda” ilə müqayisəli təhlili, A.Bakıxanovun “Riyazül-Qüds” əsəri klassik məqtəl nümunəsi kimi tədqiqata cəlb olunub.

İkicildlik “Elm” nəşriyyatında çap olunub. Kitabın redaktoru Könül Mirzəyevadır.

azertag.az