“Meyvənin şahı-Nar” müsabiqəsinin qalibləri mükafatlandırılıb
7.11.2017

Noyabrın 6-da XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Meyvələrin şahı-Nar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) İctimai Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə reallaşıb.

Əvvəlcə iştirakçılar müsabiqəyə təqdim olunan rəsm və heykəltəraşlıq əsərləri ilə tanış olublar.

Narın yığımı və istehsal prosesini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın tarixində, mədəniyyətində rol oynayan və müqəddəs “Qurani-Kərim”də adı keçən bərəkətli, ruzili, insanları məhəbbətə, düzlüyə səsləyən meyvələrdən olan narla bağlı keçirilən tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə ardıcıl olaraq nar bayramı ilə yanaşı, alma, xurma, gül, şirniyyat bayramları keçirilir. Azərbaycanda 2006-cı ildən qeyd olunan Nar bayramı bu il öz möhtəşəmliyi ilə əvvəlki illərlə müqayisədə fərqlənib. Azərbaycan nağıllarında, dastanlarında nara müraciət olunub, eləcə də rəssamlarımız nara gözəl rəsm əsərləri həsr ediblər. Xalq Rəssamı Toğrul Nərimanbəyov narla bağlı gözəl rəsm əsərləri yaradıb, bədii və sənədli filmlər çəkilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nar” və “Nar ağacı” adlı iki rəsm əsərinin müəllifdir. Bu əsərlər beynəlxalq səviyyədə dünyanın müxtəlif ölkələrində nümayiş olunub.

Tədbirdə Xalq Rəssamı Ömər Eldarov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Fərhad Qaraşov, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, vitse-prezidenti Yusif Abdullayev çıxış edərək dadına və keyfiyyətinə görə ölkə narının dünyada təbliği baxımından müsabiqənin əhəmiyyətini vurğulayıblar.

Qeyd edilib ki, müsabiqədə 13 yaşına çatmış və “Feysbuk” sosial şəbəkəsində qeydiyyatdan keçmiş Azərbaycan vətəndaşları iştirak ediblər. Onlar oktyabrın 5-dən noyabrın 5-dək öz rəsm və ya fiqur işlərinin elektron şəkillərini ANİİA-nın rəsmi “Feysbuk” səhifəsinə göndəriblər.

Müsabiqənin mövzusuna uyğun olaraq, təqdim edilən işlər nar meyvəsinə və ya nar ağacına həsr edilib.

Müsabiqə iki kateqoriya - rəsm və heykəltəraşlıq işləri üzrə aparılıb. Təqdim olunan işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonra qaliblərin adları açıqlanıb. Hər bir kateqoriya üzrə üç qalib müəyyən edilib ki, onlar da müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutublar. Birinci yerin sahibləri 1000, ikinci yerin sahibləri 500, 3-cü yerin sahibləri isə 300 manatla mükafatlandırılıb.

azertag.az