İçərişəhərdə gənc rəssamların sərgisi açılacaq
7.11.2017

“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında gənc və həvəskar rəssamların sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunacaq.

Bu barədə “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dekabrın 12-də gerçəkləşəcək qrup sərgisi gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulur. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri - rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri nümayiş olunacaq. Müxtəlif sənət əsərlərinin yer aldığı sərgi iki gün davam edəcək. İştirak etmək istəyənlər öz işlərini dekabrın 1-dək sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər. Mövzu sərbəstdir.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıtdırmaqdır.

azertag.az