Noyabrın 7-də Quba rayonunun Alpan kəndində xalça toxuculuğu müəssisəsi fəaliyyətə başlayıb. Azərbaycan və ABŞ hökumətlərinin dəstəyi ilə qurulan müəssisədə Alpanla yanaşı, Susay, Kürkün və Uzunmeşə kəndlərinin 30-dək sakini çalışacaq.
Müəssisənin açılış mərasimində ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, Amerika İnkişaf Agentliyinin (USAID), İqtisadiyyat Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Səfir Robert Sekuta bildirib ki, qadınların iqtisadi bacarıqlarının gücləndirilməsi yerli icmalar üçün vacibdir. Hər bir bölgənin qadınları səmərəli fəaliyyəti ilə öz icmalarına töhfə verməli və bunun üçün lazımi şəraitə və təcrübəyə malik olmalıdırlar.
Qeyd olunub ki, USAID və Azərbaycan hökumətinin maliyyələşdirdiyi bu layihə Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən həyata keçirilib. Müəssisənin fəaliyyətə başlaması qədim toxuculuq ənənələrinin qorunmasına və inkişafına yardım edəcək. Burada çalışan qadınlar peşə təlim kurslarına cəlb olunmaqla biznes imkanlarından yararlanacaqlar. USAID-ın İctimai-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Azərbaycanın 95 icmasında 108 layihə reallaşdırılıb.
Açılış mərasimindən sonra qonaqlar toxuculuq müəssisəsi ilə yaxından tanış olublar.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpası işləri ilə də tanış olub. Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyir. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq. Təmir və yenidənqurma işlərinin 2018-ci ilin mart ayında yekunlaşması nəzərdə tutulub.
Daha sonra səfir Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə sinaqoqda olub, yerli icma üzvləri ilə görüşüb.
azertag.az