Noyabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki tarix və mədəniyyət qoruqlarının fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və qoruq əməkdaşları iştirak edib.
Nazirlikdən bildirilib ki, müşavirədə Vaqif Əliyev çıxış edərək ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrdə mədəni irsin qorunması və təbliği istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, son illər görülən işlər daha geniş vüsət alıb. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bir sıra mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahısına daxil edilərək bəşəriyyətin mədəniyyət xəzinəsinin bir hissəsinə çevrilib: “Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələrinin qorunması, tədqiqi və təbliği ilə bağlı həm ölkə daxilində, həm də xaricdə bir sıra layihələr, təqdimatlar həyata keçirilir. Bütün bunların sayəsində xarici turistlərin Azərbaycana olan marağı daha da artır”.
Vaqif Əliyev bildirib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən nazirliyin daxilində struktur islahatları aparılıb və bu ilin yanvarından başlayaraq 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb. Bununla da Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən regionlarda yerləşən müəssisələrdə də mərkəzdən maliyyələşmə həyata keçirilir. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də bu sahədə olan idarəçiliyin optimallaşdırılmasına xidmət edir.
Vaqif Əliyev qoruqların idarə olunması və fəaliyyəti istiqamətində mövcud olan çatışmazlıqların aradan qaldırması işinin də tez bir zamanda həll olunmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, indi ölkə rəhbərliyi səviyyəsində bu sahəyə xüsusi diqqət və qayğı göstərilir, qoruqlarda təmir və bərpa işləri həyata keçirilir. Mədəni irs nümunələrimizin, tarixi abidələrimizin təbliğinə, eləcə də qoruqların öz maliyyə vəziyyətlərini yaxşılaşdırmalarına imkanlar yaranıb. Bunun üçün müasir vasitələrdən, dünya təcrübəsindən yararlanmalı, qoruqların turizm məhsulu kimi təbliği işi daha da gücləndirilməlidir.
Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova tarix və mədəniyyət qoruqlarının fəaliyyəti və hazırkı vəziyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində 21 qoruq fəaliyyət göstərir. Onlardan bir qoruq – Şuşa tarix-mədəniyyət qoruğu işğal altındadır: “Ölkəmizdə ilk qoruq 1969-cu ildən fəaliyyət göstərməyə başlamasına baxmayaraq, onların mahiyyətinə uyğun işləməsi Mədəniyyət və Turizm Nazirliyinin yaranmasından sonrakı dövrə təsadüf edir. Ötən müddət ərzində qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində böyük işlər həyata keçirilib. Qoruqların xəritələri hazırlanıb, sərhədləri müəyyən edilib. Həmçinin bir sıra qoruqlarda bərpa və konservasiya işləri, elmi tədqiqat layihələri həyata keçirilib”.
Könül Cəfərova qeyd edib ki, həyata keçirilən uğurlu işlərlə yanaşı xüsusilə regionlarda fəaliyyət göstərən bir sıra qoruqların fəaliyyətində nöqsanlar hələ də qalmaqdadır. Bu nöqsanlar sırasına ixtisaslı kadr çatışmazlığı, xarici dil bilən bələdçilərin azlığı və digər məsələlər daxildir.
Daha sonra Qobustan Milli tarix-bədii qoruğunun direktoru Rüfət Nuriyev, Yanardağ Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun direktoru Malik Fətullayev, Yuxarı Baş Dövlət tarix-memarlıq qoruğunun direktoru Təranə Abdullayeva, Avey Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva, Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun direktoru Həsən Ağayev çıxış edərək rəhbərlik etdikləri qoruqların fəaliyyəti haqqında məlumat veriblər.
Daha sonra tarix və mədəniyyət qoruqlarının fəaliyyəti və mövcud problemləri, onların elmi tədqiqat müəssisəsi kimi fəaliyyəti, qoruq ərazilərində müasir tələblərə cavab verən turizm məhsullarının yaradılması və digər mövzularda müzakirələr aparılıb.
Sonda Vaqif Əliyev Azərbaycan xalqının tarixi mədəni abidələrinin qorunması, tədqiqi, təbliği və turizm məqsədləri üçün səmərəli istifadə olunması işinin daha da gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
azertag.az