Azərbaycanlı cazmen fransalı cazsevərlərin qəlbini fəth edib
10.11.2017

Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli Parisin 1-ci rayonunda “Le Duc des Lombards” caz klubunda iki gün konsert verib.

Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək, Şərq və Qərb mədəniyyətlərini birləşdirən cazmen fransalı cazsevrlərin qəlbini fəth edib. O, bu konsertlərdə Azərbaycan xalq musiqisi, öz kompozisiyaları, Əhməd Camalın bəstələri və Amerika caz musiqisindən nümunələr səsləndirib.

Konsertdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, səfirliyin əməkdaşları, eləcə də Parisdəki Azərbaycan icmasının üzvləri, Fransa paytaxtının cazsevərləri iştirak edib.

Noyabrın 14-də azərbaycanlı cazmenin Paris Konqres Sarayında amerikalı caz pianoçusu, bəstəkar, postbop caz musiqi janrının canlı əfsanəsi Əhməd Camal ilə birgə konserti olacaq.

Hər zaman bütün üslublarda ifa edən pianoçulara açıq olan Ə. Camal azərbaycanlı cazmenin üslubunu yüksək qiymətləndirir və onunla əməkdaşlıq edir.

Şahin Növrəsli bildirib ki, Parisə təkcə konsert proqramına görə deyil, həmçinin yeni albomunu hazırlamaq üçün gəlib. Əvvəlki albomunun da Parisdə hazırlandığını bildirən azərbaycanlı cazmen Əhməd Camalın prodüserləri ilə işlədiyini və yeni albomun da amerikalı caz pianoçusunun ideyası olduğunu vurğulayıb.

Qeyd edib ki, yeni albomda Azərbaycan, Amerika, klassik musiqi, eləcə də özünün improvizasiyaları yer alacaq. Yeni albomunun hazırlanması üçün Ş.Növrəsli 2 ay Parisdə qalacaq.

Xatırladaq ki, Əhməd Camal azərbaycanlı cazmenlə bir neçə il əvvəl Parisdə keçirilən “Festival Jazz à St-Germain-des-Prés Paris” caz festivalında görüşüb və elə həmin vaxtdan onunla əməkdaşlıq edir.

azertag.az