Sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq bulvar ərazisində yerləşən “Paris Kommunası” və “Zaqfederasiya" kimi tanınan gəmi təmiri zavodları sökülüb, Zığ şosesi yaxınlığında hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu olan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu inşa edilib.
QSC-dən verilən məlumata görə, zavodun təkmilləşdirilməsi işi bu gün də sürətlə davam edir. Belə ki, burada yeni sahə və sexlər tikilib. Zavodda beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar quraşdırılıb, eyni zamanda müəssisədə çalışanların iş şəraiti yaxşılaşdırılıb.
Zavod ərazisində sahəsi 3978 kv.m olan yeni gövdə-qaynaq və mexaniki sexləri tikilib. Burada yeni 2 ədəd 10 tonluq, 2 ədəd 20 tonluq körpülü kran, 2 ədəd elektrik mühərrikli araba, Torna karusel, Mərkəzi emal və isgənə dəzgahları quraşdırılıb. Eyni zamanda, həmin sexdə ikimərtəbəli inzibati məişət bloku yaradılıb.
Zavoddakı yeniliklərin siyahısı bununla bitmir. Müəssisənin əvvəllər tullantıların toplandığı ərazisində uzunluqları müvafiq olaraq 400, 120, 130, 63 metr olan 1, 2, 3 və 4 saylı dənizkənarı yanalma körpüləri, üzərində kranaltı yollar tikilib. Portal və stasionar kranlar və 2 ədəd şpil quraşdırılıb. Yeni tikilən obyektlərin ətrafı abadlaşdırılıb.
Sahəsi 1971 kv.m olan Təmir sexi və kompressor binası da təzə inşa olunub. 1 ədəd 10 tonluq körpülü kran, 3 ədəd hava kompressoru yeni alınaraq quraşdırılıb. Qeyd edək ki, kompressorlar yeni inşa olunmuş sahələri, yanalma körpülərini və “Neptun” üzən tərsanəni sıxılmış hava ilə təmin edəcək gücə malikdir. Həmçinin yeni Qazanxana binası müəssisənin istilik təchizatını və isti su tələbatını ödəyə bilən 2 ədəd istilik qazanı ilə təmin edilib.
Zavodun ərazisindəki Yarımstansiya binası da yeni tikililərdəndir. Burada təzə 2 ədəd 1000 kVA gücünə malik transformator, yüksək və aşağı gərginlikli açarlar və 1000 kVA dizel generator quraşdırılıb.
Yeni tikilən obyektlərin hamısı beynəlxalq ekologiya tələblərinə və təhlükəsizlik normalarına cavab verir. Burda personalın təhlükəsiz işi üçün lazımi şərait yaradılıb. Ərazidə sahil işıqlandırma, yanğından mühafizə sistemləri, təhlükəszilik kameraları quraşdırılıb. Zavodda işçilərin sağlamlığını təmin etmək üçün əməyin mühafizəsi qaydalarını əks etdirən löhvələr yerləşdirilib.
Qeyd edək ki, bölmə və sahələrdə quraşdırılan yeni avadanlıqlar Türkiyə, Rusiya, Belarus, İsveçin tanınmış brendlərinə məxsusdur.
Zavod ərazisində həmçinin müasir standrtlara cavab verən yeni yeməkxana, məişət binaları, işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançası da tikilib.
Bütün bu yeniliklər isə zavodun ümumi fəaliyyətini daha effektiv etməyə, gəmilərin təmir prosesini sürətləndirməyə və keyfiyyətin artırılmasına xidmət göstərir.
trend.az