Zazalı-Gəncə 8 km dəmir yolu əsaslı təmir olunur
13.11.2017

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gündən etibarən dəmir yolunun Zazalı-Gəncə mənzilində 8 km yolun əsaslı təmirinə start verilib. Eyni zamanda, 3 ədəd yoldəyişən qurğunun təzələnməsi həyata keçirilir. Təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 400 km dəmir yolu əsaslı təmir olunub.

trend.az