“Qəlbə fərəh verir şeirin nəğməsi” adlı musiqili ədəbi-bədii gecə
13.11.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS –nin 2 saylı filialında şair, dramaturq Mir Mehdi Seyidzadənin anadan olmasının 110 illiyi münasibətilə “Qəlbə fərəh verir, şeirin nəğməsi” adlı musiqili ədəbi-bədii gecə keçirilib.

Əvvəlcə şairin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, ədəbi yaradıcılığa 1925-ci ildə “Şərq qadını” jurnalında çap etdirdiyi “Kənd qızı” adlı şeiri ilə başlayan şair 1932-ci ildə “Şanlı gün” poemasına görə mükafata layiq görülüb. Sonra onun “Balaca təyyarəçi”, “Ceyran”, “Neft haqqında”, “Kim güclüdür”, “And” və bir sıra başqa kitabları işıq üzü görüb.

Diqqətə çatdırılıb ki, o, əsasən müasir mövzuda uşaq şeirləri və nəğmələri yazıb. Onun “Zirək Səməd” mənzum nağılı, “Nərgiz”, “Ayaz”, “Qızılquş”, “Elsevər” və başqa mənzum pyesləri tamaşaya qoyulub, bir neçə şeirlərinə isə mahnılar bəstələnib.

Tədbirdə Nəsimi rayon 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şairin “Bizim ellər”, “İlk müəllimim”, “Dostum”, “Payız” və digər şeirləri səsləndirilib. Həmçinin Mir Mehdi Seyidzadənin “Tülkü və Cücə” təmsilinin tamaşası nümayiş olunub.

Sonda Mir Mehdi Seyidzadənin “Xatırlayarsan məni” adlı şeirinin sözlərinə bəstələnmiş mahnı səsləndirilib.

azertag.az