Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
13.11.2017

13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür. Həmin günün qeyd olunması ətrafımızda bizdən fərqli insanların olduğunu bir daha xatırlamağa imkan verir.

Həmin tarix ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 13 noyabr 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Dünya Səhiyyə Təşkilatını onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.

XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün "işləyən korların emalatxanası"nı açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.

Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı "unsial" adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxu öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Kor uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına da yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.

Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.

1803-cü ildə Rusiya imperatoru I Aleksandr Valentin Qayuinu Sankt-Peterburqda gözdən əlillər üçün tədris-tərbiyə müəssisəsi açmağa dəvət edib. 1807-ci ildə Sankt-Peterburqda gözdən əlillər üçün institutun ştat vahidi və büdcə vəsaiti təsdiq edilib.

Noyabrın 13-də Azərbaycanda cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlərə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın bütün svetoforlarını zəif görən piyadalar üçün səs siqnalları ilə təchiz etməyə qərar verib. İlk növbədə həmin qurğular onların işlədikləri müəssislərin yaxınlığında quraşdırılıb. Mütəxəssislər svetoforun səsini onların istəklərinə nəzərə alaraq seçiblər və onun səsi günün müxtəlif vaxtlarında dəyişir.

2007-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmək qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya-rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb.

Azərbaycanda 320 min əlilin 40 min nəfərini korlar və zəif görənlər təşkil edir. Layihə cəmiyyətin həyatında onların iştirakına xidmət edəcək, informasiya-rabitə vasitələrinə yiyələnməklə bilik və informasiya almaq imkanlarının genişlənilməsinə, məşğulluğunun artırılmasına, bütövlükdə həmin təbəqəyə məxsus olanların həyat tərzinin yaxşılaşmasına xidmət edir.

Hazırda dünyada təxminən 124 milyon kor yaşayır. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2020-ci ilə qədər onların sayı daha da arta bilər.

azertag.az