Konstitusiya Günü münasibətilə Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib
13.11.2017

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə velosiped yarışı təşkil edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) dəstəyi ilə Respublika Velotrekində maraqlı idman mübarizəsi şəraitində keçən yarışda liseyin 5-6-cı və 7-8-ci sinif şagirdlərinin komandaları iştirak ediblər. Əməkdar Məşqçi Əbülfəz Məmmədovun idarə etdiyi yarışda Azərbaycanda istehsal olunan “İSMA” velosipedlərindən istifadə olunub.

Yarışın sonunda AVİF-in baş katibi Fərhad Əliyev və liseyin müdiri Hüseyn Dəmirəl qaliblərə diplomlar və medalları təqdim ediblər.

Mükafatlandırma mərasimində çıxış edən Hüseyn Dəmirəl Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin tarixindən danışıb. Yarışın keçirilməsində yaradılan şəraitə görə AVİF rəhbərliyinə təşəkkür edən H.Dəmirəl liseylə federasiya arasındakı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edən AVİF-in baş katibi Fərhad Əliyev ölkəmizdə idmanın inkişafı istiqamətində atılan mühüm addımların bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın bütün növləri kimi, velosiped idmanı da inkişaf dövrünü yaşayır. Bu gün yarışda iştirak edən lisey şagirdləri arasından gələcəyin məşhur idmançılarının yetişəcəyinə inanıram.

Yarışdan sonra liseyin rəhbərliyi, valideynlər və şagirdlər Respublika Velotrekində yaradılan velosiped muzeyində və “İSMA bikes” satış və sərgi mərkəzində olublar. AVİF-in təşkilati işlər üzrə meneceri Faiq Qurbanov muzeydə və satış mərkəzindəki velosipedlər haqqında iştirakçılara ətraflı məlumat verib.

azertag.az