“Mütərcim” nəşriyyat evi müasir türk şairi və ictimai xadimi Mehmet Nuri Parmaksızın kitabını ingilis dilində çap edib. "Müasir türk şeiri” seriyası ilə nəşr olunan "Qaranlıqda işıq" (A Light in the Darkness") şeirlər toplusunu ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli tərcümə edib.
Nəşriyyatın direktoru Əliş Ağamirzəyev bildirib ki, tanınmış türk şairi, yazıçısı və ictimai xadim M.N.Parmaksız Türkiyənin bir sıra bölgələrində Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı bir sıra layihələrin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Mehmet bəyin ingilis dilində nəşr olunan bu kitabına şairin son illər qələmə aldığı şeirləri daxil edilib. Kitaba tanınmış Azərbaycan yazıçısı Kamran Nəzirli “Ön söz” yazıb.
Ə.Ağamirzəyev deyib: “Biz gələcəkdə Mehmet bəylə qarşılıqlı şəkildə yeni layihələr həyata keçirmək niyyətindəyik. Türkiyə şairlərinin antologiyasını çap etmək planımız var”.
Qeyd edək ki, Mehmet Nuri Parmaksız həm də Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyinin (İLESAM) sədridir. O, Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə dünyanın bir çox ölkələrində ortaq türk ədəbiyyatını təmsil və təbliğ edir.
azertag.az