"Psixotrop maddələrin, dövriyyəsinə nəzarət edilən preparatların qanunsuz satılmaması ilə bağlı apteklərə mütəmadi şəkildə xəbərdarlıq edilir".
Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, dövriyyəsinə nəzarət edilən preparatların siyahısı Milli Məclis tərəfindən təsdiq edilib və daim yenilənir: "Bu yaxınlarda Səhiyyə Nazirliyi 50 milliqramlıq tramadolun məhz həmin siyahıya daxil edilməsi ilə bağlı komissiyanın sədri Əli Həsənova müraciət edib".
E.Ağayev əlavə edib ki, apteklər həmin dərmanların satışında diqqətli olmalıdırlar: "Yoxlamalar dayandırıldığından nazirlik yoxlama apara bilmirdi. Ancaq yeni qanunvericiliyə görə bununla bağlı Səhiyyə Nazirliyinə bəzi səlahiyyətlər verilib. Tibb müəssisələri qanuna riayət etməlidirlər ki, ağır iqtisadi cəzalarla cəzalandırılmasınlar. Hər aptek belə preparatları sata bilməz. Bunun üçün onlara xüsusi icazə verilməlidir. Belə apteklərin sayı bu gün üçün heç 10 faiz deyil".
report.az