Belaruslu balet ustaları Bakıda "Don Kixot" baletinin tamaşasında oynayacaqlar
15.11.2017

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan L.Minkusun "Don Kixot" baletində çıxış etmək üçün belaruslu balet ustaları Bakıya gələcəklər.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 25-də növbəti dəfə səhnəyə qoyulacaq tamaşada əsas rolları belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) ifa edəcəklər.
Qeyd edək ki, Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solistləri olan hər iki gənc balet ulduzlarının bir sıra beynəlxalq müsabiqələrinin laureatlarıdır. Xüsusən Aleksandra Çijik Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya. Böyük Britaniya, ABŞ, Çin, Yaponiya, Meksika, Qvatemala, Yunanıstan və Kiprdə çıxışlar edib.
Tamaşada həmçinin Opera və Balet Teatrının balet truppasının solistlərindən əməkdar artistlər - Makar Ferştandt və Samir Səmədov, habelə Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və başqaları çıxış edəcəklər.
Balet tamaşasının dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.

report.az