Noyabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət müəllif konserti və “Tofiq Bakıxanov” broşürünün təqdimatı keçirilib.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, özünəməxsus yaradıcılığından söz açıb. Bildirib ki, bəstəkar professional sənətkar kimi musiqinin bütün janrlarına müraciət edib, bir-birindən gözəl əsərlər yaradıb. Onun ruhoxşayan musiqi əsərləri insanlar, xalqlar və ölkələr arasında dostluğu təbliğ edib. Tofiq müəllim simfonik orkestr üçün müxtəlif janrlı əsərlərin, instrumental konsert və kamera əsərlərinin, “Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər” baletlərinin, musiqili komediyaların, bir çox mahnı və romansların müəllifidir. “Xəzər balladası” baleti hələ 1969-cu ildə Fransada beynəlxalq rəqs festivalında nümayiş olunub və böyük tamaşaçı rəğbəti qazanıb.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova müəllifi olduğu “Tofiq Bakıxanov” kitabının məziyyətlərindən danışıb və bəstəkarın “Şərq sonataları” haqqında məruzəsini dinləyicilərin diqqətinə çatdırıb. Tofiq Bakıxanov yaradıcılığının böyük hissəsini kamera instrumental əsərlər təşkil etdiyini söyləyən Zemfira Qafarova deyib ki, bəstəkar bu janrda yaddaqalan əsərlər yaradıb. Bəstəkarın kamera instrumental musiqi janrlarına müntəzəm müraciət etməsi təkcə bu sahədə öz üslubunu daha dolğun reallaşdırma bacarığı ilə deyil, həm də A.Zeynallı adına Bakı Musiqi Məktəbinin skripka və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera ansamblı sinfindəki işinin spesifikası ilə bağlıdır. Tofiq Bakıxanovun kamera əsərlərinin hər biri bəstəkarın yaradıcılıq üslubunun ayrı-ayrı tərəflərini əks etdirir.
Tədbir bəstəkarın yaradıcılığına həsr olunmuş konsert proqramı ilə davam edib.
azertag.az