“Zaman və Məkan” sənədli filmlərin ssenari müsabiqəsinin qalibləri məlum olub
16.11.2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qalibləri müəyyənləşib.

İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, qaliblərin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, professor Şəfiqə Məmmədova, qurumun birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, kinorejissor, Xalq Artisti Oqtay Mirqasım, kinorejissor, Əməkdar İncəsənət xadimləri - Rafael Qəmbərov, Yavər Rzayev və Dövlət Film Fondunun əməkdaşı Rəşad Qasımov iştirak ediblər.

İclasda münsiflər heyətinin (Oqtay Mirqasım, Rafael Qəmbərov, Yavər Rzayev və Rəşad Qasımov) qərarı ilə ssenari müsabiqəsinin qalibləri aşağıdakı kimi qiymətləndirilib:

1-ci yer 1500 manat pul mükafatı - heç bir ssenari qalib olmayıb, 2-ci yer 1000 manat pul mükafatı - 24 balla “Şükriyyə taleyim” ssenarisi, 3-cü yer 500 manat pul mükafatı - 23 balla “Bakının su əfsanəsi” ssenarisi, həvəsləndirici “Ümid” mükafatı 500 manat pul, 20 balla “Qara Qızıl” ssenarisi.

Qeyd edək ki, “Şükriyyə taleyim” ssenarisinin müəllifi Cavid Zeynallı, “Bakının su əfsanəsi” ssenarisinin müəllifi Rəşad Şükürov, “Qara Qızıl” ssenarisinin müəllifi isə Seyram Əmirovdur.

azertag.az