Bakıda 3-cü “Türk filmləri həftəsi” açılıb
17.11.2017

Noyabrın 16-da Nizami Kino Mərkəzində 3-cü “Türk filmləri həftəsi”nə start verilib.

Film həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.

Tədbirdə əvvəlcə iki qardaş ölkənin şəhid övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.

Tədbirdə festivalın baş koordinatoru Öner Kılıç çıxış edərək, “Türk filmləri həftəsi” barədə məlumat verib. Diqqətə çatdırıb ki, beş gün ərzində tamaşaçılara hər gün 5 türk filmi təqdim olunacaq. Noyabrın 20-dək davam edəcək festival çərçivəsində tamaşaçılar “Yeni dünya” filmi ilə yanaşı, rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

Bildirilib ki, “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə keçirilən festivalın əsas məqsədi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin isə Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək, iki qardaş ölkə arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb. Diplomat deyib: “Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan, ürəyi bir döyünən eyni millətdir. Bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq. Çünki biz illərlə bir-birimizdən ayrı qaldıq. Bir-birimizi daha yaxından tanımaq və anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli və öyrənməliyik. Bu film festivalı da bir-birimizə daha da yaxınlaşmağımıza yardımçı olacaq”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında film festivalının tamaşaçılar üçün böyük töhfə olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan nazir bu anlayışın bütün sahələrdə bir olmağımıza əsas verdiyini deyib: “Ölkələrimiz daim bir-birinin yanındadır. Bu günlərdə iki dövlətin birgə reallaşdırdığı böyük iqtisadi layihə - Bakı-Tbilisi-Qars dəmir yolu dünya miqyasında böyük marağa səbəb olub. Bu, qardaşlığın, birgə işin nəticəsidir”.

Türkiyədə bu yaxınlarda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinin keçirilməsinin və bu kimi tədbirlərin iki ölkə arasında mədəniyyətlərin qarşılıqlı tanıdılmasında mühüm rol oynadığını vurğulayan nazir deyib: “Hesab edirəm ki, birgə festivalların, mədəniyyət və elm xadimlərinin yubileylərinin keçirilməsi bu mədəniyyətlərin bir araya gəlməsinə və daha yaxından tanıdılmasına böyük töhfə verər. Ümid edirəm ki, növbəti illərdə Türkiyədə Azərbaycan film festivalını həyata keçirəcəyik”.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu iki ölkə arasında bütün sahələrdə dostluq-qardaşlıq əlaqələrinin olduğunu qeyd edib: “Azərbaycan və Türkiyə əkiz qardaşdır. Bütün sahələrdə dostluq-qardaşlıq var. Həm Azərbaycan, həm Türkiyə birgə çox böyük layihələrə imza atırlar. Bizim siyasət, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığımız hər gün daha da möhkəmlənir. Ən böyük problemlərdən biri bütün dünyanın gözü qarşısında xaincəsinə baş verən Qarabağın işğalıdır. Əminik ki, Azərbaycan tezliklə öz torpaqlarına qovuşacaq. Bu, Ankaranın ən böyük arzusudur. Biz terrorla mübarizə aparırıq. Bakı bu mübarizədə hər zaman yanımızdadır. Bakı ilə Ankara çox güclü olarsa, türk dünyası güclü olar”.

Yerli Düşüncə Dərnəyinin sədri, türkiyəli deputat Metin Gündoğdu qeyd edib ki, Bakıda “Türk filmləri həftəsi” uğurlu açılışla başlayır. Rəhbərlik etdiyi dərnək haqqında məlumat verən M.Gündoğdu bildirib ki, qurumun məqsədlərindən biri də mədəni tədbirlər vasitəsilə birgə olduğumuzu nümayiş etdirməkdir.

Sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş olunub.

azertag.az