Dekabrın 9-dan 11-dək Orenburqda V Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.
Orenburq Vilayət Filarmoniyasının saytına istinadla xəbər verilir ki, dekabrın 9-da filarmoniyada festivalın açılış mərasimi olacaq. Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri tamaşaçılara S.Raxmaninovun “Aleko” operasını konsert ifasında təqdim edəcək. Dekabrın 10-da filarmoniyada Rusiya Federasiyası Tatarıstan Respublikasının Dövlət Simfonik Orkestri çıxış edəcək. Festivalın sonuncu gününün konserti dekabrın 11-də Orenburqda M.Qorki adına Dram Teatrında olacaq. Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri P.Çaykovskinin “Yevgeni Onegin” operasından lirik səhnələr göstərəcək.
Festivalın təşkilatçıları Orenburq Vilayət Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Mstislav Rostropoviç Humanitar və Mədəni Proqramlar Fondu və Orenburq Vilayət Filarmoniyasıdır.
azertag.az