Bakı metrosunda vaqonların təmiri müəssisəsi istifadəyə verilib
17.11.2017

“Nərimanov” elektrik deposunda metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexi istifadəyə verilib və burada ilk qatarın təmirinə başlanılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, ən müasir tələblərə cavab verməklə inşa olunmuş sahə metropolitenin lokomotiv təsərrüfatında kəskin dönüş yaradacaq. Uzunluğu 136 metr, eni 24 metr olan sexin metal konstruksiyası sendviç panellərlə örtülüb. Əmək şəraitinin maksimal tələblərinə cavab verən sahədə, layihə üzrə işçi, yardımçı, sanitar-məişət və texniki otaqlar inşa olunub. Sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılıb. Sahələr 14, sexin damı 6 ventilyator və sexin divarı 12 kolorifel ilə təmin olunub.

Döşəmə iş şəraiti tələblərinə müvafiq qaydada betonlanıb, qovşaqlar qurulub, müasir və estetik görkəmi ilə seçilən dayanıqlı epoksid maddə ilə boyanıb. Sexdaxili dəmiryolları texniki tələblər nəzərə alınmaqla, xüsusi layihə əsasında çəkilib. Deponun park yollarından dəmiryol xətlərinin çəkilməsi məqsədilə yoldəyişdirici qurğular quraşdırılıb.

Sexdə vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri yerinə yetirilir. Digər sahələrdə vaqonların antikorroziya tədbirlərinin görülməsi üçün qumla təmizlənməsi və emalı, vaqonaltının yuyulması, rənglənməsi ən müasir texniki tələblər səviyyəsində qurulub. Bu işlər Bakı metropoliteninin özünəməxsusluqlarına əsasən, həmçinin yüksək qənaətə nail olmaq üçün “Nərimanov” elektrik deposunda yerinə yetirilən təmir həcmi və xüsusiyyətləri nəzərə alınaraq tətbiq edilib.

Ən vacibi, sexdə təkcə qatarların əsaslı təmiri deyil, həmçinin müasir tələblərə uyğun modernləşdirilmə tədbirləri də həyata keçiriləcək. Bu isə vaqonlarda tətbiq edilən bir sıra yeni texnologiyaların tətbiqinə və onların gələcəkdə də inkişaf etdirilməsinə zəmin yaradacaq.

Sexin metropoliten üçün əhəmiyyətindən danışan Nəsimi Paşayev bildirib ki, buna qədər müvafiq zavod şəraiti olmadığından, əsaslı təmir üçün qatarlar ölkə xaricində aparılıb. Yeni sex il ərzində 30-a yaxın vaqonu əsaslı şəkildə təmir etmək gücünə malikdir. Ötən dövr göstərir ki, qatarların ölkə xaricində deyil, məhz yerli şəraitdə əsaslı təmirinin təşkili külli miqdarda vəsaitə qənaətdir. Vaqonların nəqlinə, gömrük xərclərinə sərf olunan vəsaitlə yanaşı, təmirin yerli tələblərə uyğun aparılması, keyfiyyətinin artırılması və xərclərin azaldılması əsaslı səmərə verib. Bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.

azertag.az