“SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün müstəsna əhəmiyyət kəsb edir
17.11.2017

Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “SABAH” qruplarında təhsil alan tələbələrlə görüş keçirilib. Bu barədə AzTU-dan məlumat verilib.

Görüşdə AzTU-nun prorektoru İsa Xəlilov “SABAH” qruplarında həyata keçirilən innovativ layihələrin, ümumilikdə bu qrupların təşkilinin ali təhsil sistemi üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Prorektor AzTU-nun “SABAH” qruplarında təşkil olunan tədrisin universitetin digər fakültələrini sağlam rəqabətə sövq etdiyini vurğulayıb.

“SABAH”ın İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bu qrupların ilk məzunlarının uğurlarını qeyd edərək layihənin əhəmiyyətindən danışıb.

Görüşdə layihənin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər haqqında məlumat verilib. Qeyd olunub ki, “SABAH” qruplarında təhsil mühitinin yaxşılaşdırılmasına, dərs prosesinin xüsusi proqram əsasında təşkilinə, ingilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir.

Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə edilib və onların sualları cavablandırılıb.

azertag.az