Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə hazırlıq görülür
17.11.2017

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə reallaşacaq 100 illik yubileyinin hazırlıq işlərinə başlanılıb. Hazırda muzeyin “Arxeoloji qızıl əşyaları” vitrinində reekspozisiya işləri görülür. Muzeyin xüsusi fondunda qiymətli metalların xronologiyası, tarixi əhəmiyyəti araşdırılır və texniki işlər həyata keçirilir.

Muzeydən bildiriblər ki, Azərbaycan xalqının yaratdığı zəngin və təkrarsız mədəni dəyərlərin mühüm bir hissəsi qiymətli metalların payına düşür. Bunu istər yazılı mənbələrdə, istərsə də arxeoloji qazıntılar nəticələrində görmək olar.

Muzeyin 100 illiyi ilə əlaqədar ekspozisiyanın zərgərlik məmulatı bölməsinin zənginləşdirilməsi nəzərdə tutulur. Ziyarətçilərin maraq dairəsini genişləndirmək üçün muzeyə daxil olan yeni zinət əşyaları ilk dəfə nümayiş olunacaq. Bu baxımdan fondda olan materiallar arxeoloji dövrə görə yığılır və ekspozisiyada yerləşdirilir.

Muzeyin bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən fondda olan qızıl əşyaların bərpa olunub podiumda yerləşdirilməsi işləri görülür. Ekspozisiyada nümayişi nəzərdə tutulan arxeoloji zinət əşyaları arasında eramızdan əvvəl IV minillikdən başlamış orta əsrlərə qədər dövrü əhatə edən sırğa, bilərzik qalıqları, üzük, sancaq və s. qiymətli metallar var. Onların ekspozisiyada nümayişi muzeyin və tariximizin təbliği baxımından böyük əhəmiyyət daşıyır.

azertag.az