Tbilisidə Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondu yaradılıb
20.11.2017

Tbilisidə Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondu yaradılıb.

Azərbaycanın və Gürcüstanın deputatlarının, elm, mədəniyyət xadimlərinin yaratdıqları Fondun əsas məqsədi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirmək, mədəni irsimizi birgə qorumaq və dünyada təbliğ etməkdir.

Noyabrın 17-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Fondun təqdimat mərasimi keçirilib.

Muzeyin direktoru Leyla Əliyeva tədbirdə çıxış edərək deyib ki, Azərbaycan və gürcü xalqlarının birliyi mədəni əlaqələrimizin möhkəmlənməsində, dünyada təbliğində və mədəni irsimizin qorunmasında mühüm rol oynayır. Yeni yaradılan Fond bu birliyin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev Fondun ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib, yeni yaradılan qurumun fəaliyyətinə uğurlar arzulayıb.

Fondun idarə heyətinin sədri Simon Kopadze, akademik Royin Metreveli və digər çıxış edənlər Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb, bu cür təşkilatların yaradılmasını yüksək qiymətləndiriblər.

Bildirilib ki, Fond Azərbaycan və gürcü yazarların əsərlərinin hər iki dilə tərcümə olunaraq yayılmasını da təmin edəcək.

Fondun idarə heyətində Azərbaycan parlamentinin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov, Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Royin Metreveli və başqaları var.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, bu ölkənin dövlət və hökumət rəsmiləri iştirak ediblər.

azertag.az