Monteneqroda “Bir günəş altında” sənədli filminin təqdimatı keçirilib
20.11.2017

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə paytaxt Podqoritsada “Bir günəş altında” sənədli filminin təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən ekran əsəri Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyevadır.

Təqdimatda Monteneqronun dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Təqdimatda çıxış edən Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov qeyd edib ki, “Bir günəş altında” layihəsi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri zamanı təqdim olunub.

Müşavir Azərbaycanda bütün milli azlıqların, dini qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, onların hüquqlarının Konstitusiya ilə təmin edildiyini, ölkəmizdə multikulturalizmin dövlət siyasəti olduğunu diqqətə çatdırıb. 1995-ci ildən 16 noyabrın dünyada tolerantlıq günü kimi qeyd edildiyini, eyni zamanda, 17 noyabrın Azərbaycanda Dirçəliş Günü olduğunu xatırladaraq, filmin məhz bu tarixdə nümayiş etdirilməsinin həm də rəmzi xarakter daşıdığını bildirib. Dirçəliş gününün tarixi haqqında iştirakçılara məlumat verərək, müstəqil Azərbaycanın bütün dünyada tolerantlıq örnəyi olduğunu vurğulayıb.

Film böyük marağa səbəb olub və yerli KİV-lərdə işıqlandırılıb.

azertag.az