Şöbə müdiri: "Ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox şəxs çalışır"
21.11.2017

"Son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub".
Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib: "Ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox şəxs çalışır".
Y.Piriyev qeyd edib ki, bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib: "Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. Bu tədris ilində ötən illə müqayisədə magistratura pilləsinə sənəd verib imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Bu tədris ilində özəl universitetlərə tələbə qəbulunun sayının azalmasına səbəb Qafqaz və Təfəkkür Universitetlərinə qəbul planının olmaması idi".
Nazirlik rəsmisi vurğulayıb ki, son 3 il ərzində 541 nəfər fəlsəfə doktoru, 103 nəfər elmlər doktoru elmi dərəcələri alıb.

report.az