Elman Rüstəmov: Mərkəzi Bank gələn il də konservativ monetar siyasət yürüdəcək
21.11.2017

Mərkəzi Bank 2018-ci ildə də konservativ monetar siyasət yürüdəcək.

Bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Elman Rüstəmov bildirib ki, manatın məzənnəsinin sabitliyi gələn il də diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq. Qeyd edilib ki, cari ildə tədiyə balansında profisit bərpa olunub - 1,1 milyard dollarlıq profisit əldə olunub. İdxalın azalması, qeyri-neft ixracının 35 faiz artması da tədiyə balansına təsir edən amillərdəndir. Cari ildə strateji ehtiyatlar 12 faiz, Mərkəzi Bankın ehtiyatları 31 faiz artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib.

Bank sədri deyib: “Hazırda bank aktivlərinin 20 faizdən çoxunu likvid aktivlər təşkil edir. Kredit portfelində aktivlik müşahidə olunmur. Mərkəzi Bankın sterilizasiya alətlərinə ehtiyac çoxdur”.

azertag.az