Görkəmli heykəltəraş Müslüm Eldarovun xatirəsi anılıb
22.11.2017

Noyabrın 21-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tanınmış rəssam, heykəltəraş və ictimai xadim Müslüm Eldarovun xatirəsinə həsr edilmiş sərgi açılıb.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxıblar.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və tanınmış fotoqraf Sənan Ələsgərov çıxış edərək unudulmaz rəssamın sənət dünyasından, Azərbaycan təsviri sənətinə, xüsusilə də heykəltəraşlıq sənətinə bəxş etdiyi töhfələrdən söz açıblar.

Qeyd edilib ki, Müslüm Eldarov 1956-cı ildə görkəmli heykəltəraş Ömər Eldarovun ailəsində dünyaya göz açıb. 1971-1975-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb, 1975-1981-ci illərdə isə İ.Repin adına Rusiya Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. Ötən əsrin 80-ci illərin ortalarında geniş vüsət almış yaradıcı gənclər hərəkatının parlaq nümayəndələrindən biri olub. O, Azərbaycan ziyalıları üçün yeni ideya mənbəyinə çevrilən və 1986-cı ildə əsası qoyulan ilk qeyri-formal mədəniyyət təşkilatının – Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak edib, sonralar həmin təşkilatın rəhbəri olub.

Vurğulanıb ki, Müslüm Eldarov 1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində “Humay” Qalereyasını təsis edib.1994-cü ildə M.Eldarov beynəlxalq və regional əhəmiyyətli layihələr həyata keçirən “Anglo Caspian Publishing Ltd” şirkətinin təşəbbüskar və təşkilatçılarından biri olub. 1994-cü ildə nəşr edilən Xəzər hövzəsi ölkələrinə həsr olunmuş “Caspian” jurnalı bu layihələrin ilki olub, daha sonrakı illərdə isə “Salam”, “Great Silk Road”, “Casрian research” jurnalları da dərc edilib. Eyni zamanda, bu ictimai xadim tərəfindən “GSRW news” beynəlxalq xəbər agentliyi və Anglo-Casрian Publishing Ltd nəşriyyat evi təsis edilib. Burada Azərbaycan, Qazaxıstan və Özbəkistana aid kitablar, “Qazaxıstan neft ensiklopediyası” kimi fundamental nəşrlər işıq üzü görüb, beynəlxalq sərgilər və müsabiqələr keçirilib.

Təəssüflə bildirilib ki, 2003-cü ildə Müslüm Eldarov həyatının 47-ci baharını yaşamadan, qəflətən gözlərini dünyaya əbədiyyən yumub. Ancaq bu istedadlı və gözəl insanın xatirəsi daima sənətsevərlərin qəlbində yaşayacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov çıxış edərək oğlu haqqında xatirələrini bölüşüb. Onun əsərlərinin məna və məzmun baxımından dolğunluğuna diqqət çəkən rektor bildirib ki, zəngin intellektə, böyük yaradıcılıq potensialına malik Müslüm Eldarov xaricdə yaşayıb-yaratmasına baxmayaraq, həmişə müasir Azərbaycan incəsənətini təbliğ edən sənətkar kimi tanınıb. Bu günə kimi rəssamın qrafika və rəngkarlıq janrında yaratdığı əsərlər aktuallığını qoruyub saxlayıb və bundan sonra da saxlayacaq.

Sonra qonaqlar Müslüm Eldarovun heykəltəraşlıq, rəngkarlıq və qrafika janrlarında yaratdığı 94 əsərinin təqdim edildiyi sərgi ilə tanış olublar. Sənədli fotoşəkillərin də daxil olduğu və 122 eksponatın nümayiş olunduğu sərgi maraqla qarşılanıb.

azertag.az