Noyabrın 21-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F. Əmirov adına 6 nömrəli İncəsənət Məktəbində böyük Azərbaycan bəstəkarı F. Əmirovun anadan olmasının 95, adını daşıdığı məktəbin isə təsis olmasının 55 illiyinə həsr olunmuş “F. Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagirdlərin ikinci elmi-ifaçılıq konfransı keçirilib.
İdarədən bildirilib ki, konfransda məktəbin direktoru, Əməkdar Müəllim, professor Adilə Yusifova rəhbərlik etdiyi təhsil ocağının keçdiyi şərəfli tarixi yola nəzər salıb.
Konfransda bəstəkarın əsərlərinin “F. Əmirov mövzusuna yeddi eskiz” adlı müxtəlif ansambllar üçün işləmələri təqdim olunub.
Tədbir çərçivəsində F. Əmirovun “Sevil” operasından vals fortepiano ansamblının, “Aslanın mahnısı” skripkaçılar triosunun, “Göygöl” mahnısı qanun kvartetinin, “Azərbaycan dağlarında” və “Aşıqsayağı” əsərləri fleyta və klarnetin duetində, “Min bir gecə” baletindən iki nömrə kamançaların dueti və tarın ifasında şagirdlərin özü tərəfindən təhlil olunaraq ifa edilib.
Tədbirin sonuncu nömrəsi məktəbin xalq çalğı alətləri orkestrinin ifasında təqdim olunan bəstəkarın “Gözünaydın” musiqili komediyasından “Rəqs” nömrəsi olub.
azertag.az