Daşkənddə şagirdlərə Azərbaycan xalçaları barədə ətraflı məlumat verilib
22.11.2017

Daşkənd İnformasiya Texnologiyaları Universitetinin nəzdindəki Mirzə Uluğbəy adına Akademik Liseyin şagirdləri səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki “Odlar yurdunun naxışları” adlı xalça sərgisi və “Azərbaycan-Özbəkistan Dostluğu Muzeyi” ilə tanış olublar.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova uşaqlara Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti haqqında məlumat verib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışan K.Pirməmmədova dahi şəxsiyyətin uşaqları çox sevdiyini vurğulayıb.

Mərkəzin əməkdaşı Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr və Azərbaycanın ənənəvi xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması haqqında da məlumat verib.

Şirvan, Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalarımızdan söhbət açan K.Pirməmmədova sərgidə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-yə yaxın qədim xalçanın nümayiş etdirildiyini bildirib.

Sonra şagirdlər salondakı xalça sənətinə dair kitab sərgisinə baxıb, “Azərbaycan-Özbəkistan Dostluğu Muzeyi”ndəki eksponatlara maraqla tamaşa ediblər.

azertag.az