Sankt-Peterburq şəhərində altıncı beynəlxalq mədəniyyət forumu keçirilib.
Forum çərçivəsində balet, rəqs, rəssamlıq, ədəbiyyat, kino, musiqi, teatr, təhsil, turizm üzrə tədbirlər təşkil olunub.
Azərbaycanın Əməkdar Artisti, tanınmış rəqqas Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev forumun balet və rəqs tədbirlərinə qatılıb.
Balet bölməsinə Rusiya Balet Akademiyasının rektoru Nikolay Tsiskaridze rəhbərlik edib.
Forum çərçivəsində keçirilən “dəyirmi masa”da məşhur pedaqoq Marius Petipanın 200 illik yubileyi ilə əlaqədar 2018-ci il Rusiyada “Balet İli” elan edilib.
Tahir Eynullayev, həmçinin Vaqanova adına Rusiya Balet Akademiyasında şagirdlər və müəllimlər üçün keçirilən açıq dərslərdə iştirak edib.
Qeyd edək ki, tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edib.
azertag.az