Qubada 20-yə yaxın istirahət mərkəzi qış mövsümündə turistlərə xidmət göstərəcək
22.11.2017

Qarşıdakı qış mövsümündə Quba rayonunda turistlər 20-yə yaxın istirahət mərkəzinin xidmətlərindən istifadə edə biləcəklər.

Qubadakı turizm obyektləri və müvafiq qurumlar noyabrın əvvəllərindən qarşıdakı qış mövsümünün hazırlıqlarına başlayıblar. Hazırda istirahət obyektlərində qonaqların sayı çox olmasa da, ilk qarın yağması ilə kütləvi turist axınının olacağı gözlənilir.

Quba Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, rayona gələcək turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görülür. Rayonda, ümumilikdə, 40-a yaxın mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Mərkəzin əməkdaşları artıq obyektlərin nümayəndələri ilə görüşərək turistlərin qəbulu ilə bağlı müvafiq qayda və normativləri onların diqqətinə çatdırıblar.

Bu ilin doqquz ayında Quba Turizm İnformasiya Mərkəzinə 7 min 500 turist online və birbaşa müraciət edib. Əcnəbi qonaqlar daha çox kənd evlərində qalmağa üstünlük verirlər. Bununla əlaqədar mərkəz tərəfindən Amsar, Alpan, Birinci Nügədi kəndlərində turistlərin faydalana biləcəyi 17 ev qeydiyyata alınıb. Həmin evlər ödəniş əsasında turistlərə təqdim olunur. Belə evlərdə gecələmək qonaqlara 15-20 manata başa gəlir. Ev sahibləri turistlərə təsərrüfatlarında becərdikləri məhsullar və hazırladıqları ərzaqları təklif edirlər.

Mehmanxanalarda dincəlmək istəyənlər isə bir sutka üçün 50-80 manat ödəməlidir. Bura gün ərzində qidalanma və başqa xidmətlər daxildir.

Hazırda Qubaya gələn qonaqlara 5 istiqamət üzrə turizm marşrutu təklif olunur. Qış aylarında bu marşrutların bir neçəsi üzrə səyahətlər yollarda yarana biləcək təhlükə ilə əlaqədar təxirə salınacaq.

Turistlərin rayonda istirahətini təmin etmək üçün Quba Turizm İnformasiya Mərkəzində “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.

azertag.az