Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib
22.11.2017

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi ilə növbəti sınaq imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, imtahan təlimata uyğun olaraq kompüter vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
AA, AB, AC, BA, BB qrupları üzrə növbəti sınaq imtahanları noyabrın 29-da və dekabrın 2-də, 6-da, 13-də keçiriləcək. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.
Qeyd olunan imtahanlarda iştirak etmək üçün online qeydiyyat tarixləri barədə ətraflı məlumat almaq üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCo... keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

report.az