Azərbaycanda beynəlxalq patent mövzusunda regional seminar keçirilir
28.11.2017

Bu gün Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə "Patent hüquq müqaviləsi və onun tətbiqi" mövzusunda 2 günlük regional seminar işə başlayıb.
Seminarda çıxış edən SMPDK-nin sədr müavini Niyazi Rəhimov bildirib ki, yeni iqtisadi modelə keçidlə ölkə iqtisadiyyatı innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf edir. Onun sözlərinə görə, elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə xidmət edir, məhsula əlavə dəyər verir. O bildirib ki, beynəlxalq təcrübədə sahibkarlar innovativ təşəbbüslərin meydana çıxmasında fəal iştirak edirlər. Bir çox hallarda kiçik və orta sahibkarlığın təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiralar sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açır, böyük iqtisadi uğurla nəticələnir.
Əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edən müasir qanunvericilik bazasının olduğunu deyən Dövlət Komitəsinin rəsmisi dövlət tərəfindən innovativ iqtisadiyyatın dəstəklənməsi üçün görülən zəruri tədbirlərdən danışıb. O bildirib ki, Azərbaycanın əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlara daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının patent hüququ şöbəsinin müdiri Marko Aleman qeyd edib ki, Azərbaycan ÜƏMT üçün faydalı və uğurlu tərəfdaşdır. Azərbaycan əqli mülkiyyət hüquqlarının müdafiəsi sahəsində beynəlxalq tələblərə uyğun inkişafını təmin edir. Təşkilatın Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyi bundan sonra da davam edəcək.

report.az