“Nazirin xanımı” tamaşası maraqla qarşılanıb
28.11.2017

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayevdir.

Tamaşada rolları Xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, Əməkdar artistlər Şəlalə Şahvələdqızı, Aslan Şirinov, Məsmə Aslanqızı, aktyorlar Şəhla Əliqızı, Əminə Babayeva, Əjdər Həmidov, İlham Hüseynov və digərləri ifa ediblər.

Satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunması ilə başlayır. Əvvəllər kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq bütün nazirliyi özü idarə etməyə başlayır. Kimisini işə düzəldib, kimini işdən çıxaran nazir xanımı beləcə özü də bilmədən ərinin işinə əngəl törədir. Bu satirik əsər Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov tərəfindən səhnələşdirilib.

Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.

azertag.az