Azərbaycanın ipək xəzinəsi ilə bağlı müzakirələr aparılacaq
29.11.2017

Dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycanın ipək xəzinəsi: dünən, bu gün, sabah” mövzusunda diskussiya keçiriləcək.

Muzeydən bildirilib ki, diskussiyada bədii tikmə üzrə aparıcı ekspertlər, müasir geyim dizaynerləri və “Art Loqos” sənətşünaslar klubunun üzvləri iştirak edəcəklər.

Diskussiya Azərbaycan tikmələrinə həsr olunmuş sərgi, müvafiq profil üzrə mütəxəssis, rəssam, dizayner, illüstrator, eləcə də sənətsevərlər üçün Azərbaycan tikmə sənəti, onun unudulmuş unikal texnikası, habelə ornament və rənglər aləmi ilə tanışlığa imkan yaradacaq.

Azərbaycan Milli İncəsənət Muzeyi və “Art Loqos” klubu tərəfindən təşkil olunan diskussiyanın əsas məqsədi erkən Azərbaycan tikmələrinin və tikmə texnikalarının tədqiqinə marağı artırmaqdır. Diskussiyada müasir dünyada milli irsin tətbiqi praktikası müzakirə ediləcək. Məhz bu diskussiya qədim ənənələri yaşadan modelyer, dizayner və rəssamlara xalqımızın unudulmuş ornamentlərini öz sahələrində tətbiq etməyə və dirçəltməyə böyük imkan yaradır.

azertag.az