Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.
İdarədən verilən məlumata görə, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər 27-28 noyabr tarixlərində müsahibədən keçib. Noyabrın 29-da psixoloq olmaq istəyənlər üçün müsahibə təşkil edilib. Noyabrın 30-da isə kitabxanaçı işləmək istəyən şəxslər üçün müsahibə keçiriləcək.
Ümumilikdə, müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 128 nəfər müsahibəyə dəvət olunub. Onlardan 51-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 20-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 37-si psixoloq, 20-si kitabxanaçı olmaq istəyən şəxslərdir.
Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
report.az