Noyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar Azad Zahidin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı, Azərbaycan Bəstəkarlar İttifaqı və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.
“Mədəniyyət” kanalının direktoru Ramil Qasımov və musiqişünas alim Ceyran Mahmudova sənətkarın həyat və yaradıcılığından danışaraq musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini qeyd ediblər.
Vurğulanıb ki, Qara Qarayevin yetirmələrindən sayılan A.Zahid Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 500-dək verilişin müəllifi kimi tanınır. Onun bəstələri bu gün bir çox ifaçılar tərəfindən müxtəlif konsert salonlarında böyük məhəbbətlə səsləndirilir. Azad Zahidin yaradıcılığında vətənpərvərlik mahnıları da böyük yer tutur. Bəstəkar qəlbindəki ülvi duyğuları, hissləri, səsə, lada çevirib insanlara xoş ovqat bəxş edir. O, rahatlığını, mənəvi ruhi toxtaqlığı notlarda tapır.
Bəstəkarın sənət fəaliyyətindən söz açan natiqlər onun yorulmaz əməyini yüksək qiymətləndirərək bildiriliblər ki, Azad Zahid müasirliklə klassik ənənəni sintez edə bilən bir sənətkardır. Onun yaradıcılığını irihəcmli 2 simfonik əsər, fortepiano üçün konsert, simli kvartet üçün konsert, eyni zamanda, vokal əsərləri zənginləşdirir.
Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.
Konsertdə, solistləri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edib.
azertag.az