Rusiya paytaxtında “Moskva dünya xalqlarının ritmində” adlı konsert təşkil olunub. Gecədə Azərbaycanı gənc müğənni Dilqəm Verdiyev təmsil edib.
Moskva Millətlər Evinin yaranmasının 25 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Millətlər evinin direktoru Vladimir Trasov tədbirin məqsədinin paytaxtda millətlərarası sülhü və qardaşlığı möhkəmləndirməkdən ibarət olduğunu söyləyib.
Gecədə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalı Dilqəm Verdiyev “Mən azərbaycanlıyam” mahnısını ifa edib. Gənc müğənninin çıxışı videogörüntülər və ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə müşayiət olunub. Tamaşaçılar, o cümlədən həmyerlimizi dəstəkləməyə gələn onlarca RAGB üzvü Dilqəmin çıxışını hərarətlə qarşılayıblar.
Konsert proqramında Başqırdıstan, Dağıstan, Buryatiya, Kalmıkiya, Gürcüstan və digər xalqların musiqi kollektivləri də çıxış ediblər.
azertag.az