Bu gün "Baku Expo Center"də XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgisi işə başlayıb.
Verdiyi xəbərə görə, builki sərgidə 20 ölkəni təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, BƏƏ, Çin, Finlandiya, Fransa, İsveç, Niderland, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Tədbir iştirakçılarının 40%-ni “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Bu il sərgi iştirakçılarının 30%-i debütantdır.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələr milli pavilyonlarla təmsil olunub. Bu il 10 ölkə – Rusiya, BƏƏ, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir.
Sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, “Bakutel” sərgi-konfransı müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimlərin, aparıcı biznes rəhbərlərinin, mütəxəssislərin, eləcə də, İKT sektorunun nümayəndələrinin yeni əməkdaşlıq əlaqələri, qlobal əhəmiyyətli müzakirələr və gələcək inkişaf perspektivlərini müəyyən etməsi üçün əlverişli platformadır.
“Azərbaycan hazırda sürətli iqtisadi inkişaf tempinə, müasir və dayanıqlı infrastruktura, geniş kommunikasiya imkanlarına və əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb edir. Bu gün ölkədə İKT potensialının gücləndirilməsi, vətəndaşlara daha keyfiyyətli, rahat və müasir innovasiyaları tətbiq etməklə xidmət göstərilməsi, elektron xidmətlərin təşkili prosesinin surətləndirilməsi, tranzit və regional informasiya magistrallarının yaradılması istiqamətində davamlı işlər görülür”, - nazir vurğulayıb.
Daha sonra sahə üzrə beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin nazirləri sərgi ilə tanış olublar. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Cao, Regional Rabitə Birliyin baş direktoru Nurudin Muhitdinov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Qazaxıstanın İnformasiya və Rabitə Nazirliyinin Telekommunikasiya üzrə Komitəsinin sədri Adil Kojihov, Belarusun rabitə və informasiyalaşdırma nazirinin müavini Anna Ryabova, Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd Hadi Hedayati, BƏƏ-nin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin baş direktoru Hamad əl Mənsuri, "İntersputnik"in baş direktoru Vadim Belov sərgini ziyarət ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edirlər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunur.
Dörd gün davam edən sərgi yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.
Sərginin proqramı müxtəlif konfrans və görüşlərdən ibarətdir. İşgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş; İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin II toplantısı, “E-Hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı; “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı, V Regional İnternet İdarəçilik Forumu, “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” seminarı keçiriləcək. Bununla yanaşı, “Əlaqəli dünyada yeni imkanlar” mövuzusunda konfrans da təşkil olunacaq.
report.az