Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Berlinin nüfuzlu Kesselhaus musiqi sarayında “Cəngi” etno-caz qrupunun ifasında konsert proqramı təqdim olunub. Konsert Azərbaycanın Almaniyadakı səfirliyinin və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə reallaşıb.
Almaniyadakı səfirimiz Ramin Həsənov tədbirdə çıxış edərək 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə yadda qaldığını söyləyib. Diplomat Azərbaycan-Almaniya münasibətlərinin bütün sahələrdə dinamik inkişaf və uğurlu əməkdaşlıqla səciyyələndiyini bildirib.
İki dövlət arasındakı münasibətlərdə mədəniyyət sahəsinin özünəməxsus yeri olduğunu deyən səfir azərbaycanlı caz ustalarının iştirakı ilə keçirilən sözügedən konserti bunun bariz nümunəsi kimi dəyərləndirib.
1992-ci ildə yaradılmış və hazırda Əməkdar Artist Mircavad Cəfərovun bədii rəhbəri olduğu “Cəngi” qrupu haqda məlumat verən səfir kollektivin caz musiqisini Azərbaycanın milli musiqisi ilə ustalıqla sintez etdiyini və qrupun ifasının tədbir iştirakçılarına zövq verəcəyindən əmin olduğunu bildirib.
Tədbir iştirakçılarını Almaniya-Azərbaycan Forumunun adından salamlayan qurumun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer ölkələrimiz arasında münasibətlərin davamlı inkişafından və Forumun buna verdiyi töhfədən danışıb. Hans-Eberhard Şlayer təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələr, tədbirlər və alman iqtisadi dairələrinin Azərbaycana səfərləri barədə məlumat verib. Qeyd edib ki, Berlində Azərbaycanın füsunkar etno-caz musiqisindən ibarət konsertin keçirilməsi Azərbaycanın zəngin mədəniyyətinin Almaniyada daha yaxından tanıtdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Daha sonra söz musiqiçilərə verilib və “Cəngi” etno-caz qrupunun ifasında Azərbaycanın tanınmış xalq və bəstəkar mahnıları caz musiqisi ilə sintez halında səsləndirilib. Musiqiçilər caz melodiyalarının müşayiəti ilə ud, tar, tütək və nağara kimi milli musiqi alətlərimizin imkanlarını ustalıqla nümayiş etdiriblər.
Möhtəşəm konsert proqramını tamaşaçılar alqışlarla qarşılayıblar.
Böyük maraq doğuran konsertə Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, eləcə də elmi və mədəni ictimaiyyətin, mətbuatın, Berlindəki xarici diplomatik missiyaların və Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri qatılıblar.
azertag.az